Şəhərləşmə (Urban Sprawl), Problemlər, Həll Yolları
May 21, 2008
A reconstruction of the growth of Baltimore, Maryland, over the last 200 years. The U.S. Geological Survey used historical records as well as Landsat satellite data to create this sequence. Courtesy USGS.
Bakı şəhərinin son 20 ildə genişləməsinin bir çox siyasi, iqtisadi və sosial səbəbləri var. Şəhərin belə qısa vaxtda genişlənməsi ortaya infrastruktur problemləri çıxarır. Birinci dərəcəli problemlər aşağıdaki kateqoriyalarda toplana bilər:
1. Sosial xidmətlərin olmaması: yanğınsöndürmə, məktəblər, polis və s.
2. İqtisadi çətinliklər: işsizlik, kiçik-orta sahibkarlıq üçün şəraitsizlik
3. Kommunal xidmətlərin eksikliyi: kanalizasiya, işıq, qaz, su
4. Kommunikasiya zəifliyi: telefon, internet
5. Neqliyyat problemi: ictimai nəqliyyatın zəifliyi, yollarin olmaması, təmir edilən yolların tez zamanda sıradan çıxması, tıxaclar və s.
Lakin problemlər bunlarlə bitmir. Yuxarıdakıların hər birinin doğurduğu ikinci dərərcəli problemlər daha təhlükəli və uzunmüddətli olur. Məsələn, məktəbsizlik və iqtisadi problemlər burada böyüyən gənc nəsil üçün çoxyönlü fəsadlara səbəb olur (azyaşlı əməyi, savadsızlıq, kriminogen vəziyyət, prostitusiya və s.). Polis nəzarətinin azlığı da bu istiqamətdə öz mənfi “töhfə”sini əsirgəmir.
Eləcə də, kommunal xidmətlərin yoxluğu və nəqliyyat problemlərinin uzunmüddətli ekoloji nəticələri labüddür. Bu vəziyyət iqtisadi inkişafa da zərbə vurur, genişlənən ərazilər sadəcə “yataqxana” rolu oynayir və buradakı əhalinin şəhər mərkəzindən asılılığı davam edir.Bir növ nəzarətsiz qalan bu yeni “şəhərləşmiş” ərazilərdə enerji daşıyıcılarının qaçaqçılığı(qaz, elektrik enerjisi və b.) dövlət büdcəsinə külli miqdarda ziyan vurur.
Bəs çıxış yolu nədir? Bu qədər problemin həlli üçün bir yol deyil, bütün yollara müraciət etmək lazımdır. Bələdiyyə islahatı ilk addım ola bilər. Şəhər genişləməsinin qarşısını almaq qeyri-mümkündür, amma buna nəzarət etmək utopiya deyil. Şəhər planlamasından məsuliyyət daşıyan organlar hər bir bələdiyyənin ən işlək qurumu olmalıdır. Bununla yanaşı bələdiyyələr öz ixtiyarlarında olan ərazidə iqtisadi inkişafdan bilavasitə məsuliyyət daşımalı, bunun üçün muvafiq şöbələr aktiv çalışmalıdır.
Bütün bunların həyata keçirilməsi üçün dövlət də maddi və hüquqi dəstəyini əsirgəməməlidir. Lakin bunu tələb etmək, habelə verilən dəstək və səlahiyyətlərin şəffaf şəkildə istifadə edilməsini təmin etmək məhz bələdiyyələrin vəzifəsidir.
Bütün bunların həyata keçirilə bilməsi Azərbaycanda bələdiyyə fəlsəfəsinin anlaşılmasından asılıdır. Bu isə bu istiqamətdə keçiriləcək intensiv təlimlərlə mümkün ola bilər.
